Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində icra olunan ikili diplom proqramına (BMU – İNHA İDP) 2023-2024-cü tədris ili üçün elektrik mühəndisliyi ixtisası üzrə qəbul prosesi həyata keçirilir.
Proqrama qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU – İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2023-cü ildə DİM imtahanlarında iştirak etmiş 1-ci ixtisas qrupunun abituriyentləri və 400 və ya daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Seçim nəticəsində 28 tələbə elektrik mühəndisliyi ixtisası üzrə təhsil almaq hüququ qazanacaq. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən elektrik mühəndisliyi, BMU tərəfindən isə elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə bakalavr diplomları təqdim ediləcək.
Proqrama müraciət edən namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi yazılı keçiriləcək riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan uğurla keçməlidirlər. Daxili imtahanda iştirak etmək üçün namizədlər onlayn anket formasını” doldurmaqla tələb olunan sənədləri təqdim etməlidirlər.
Qeyd edək ki, ikili diplom proqramına qeydiyyat üzrə son tarix 9 avqust 2023-cü il saat 23:55 nəzərdə tutulub.
Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.
Mənbə: edu.gov.az