Kateqoriya: Xəbərlər

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir

post-img

Bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə - 2, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1№-li məktəb), Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın (şəhər 2№-li və Zabux kənd tam orta məktəbləri), Qax, Balakən, Zaqatala, Quba, Xızı və Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

İmtahanda 53102 şagirdin iştirakı nəzərdə tutulur. 

İmtahanda 63 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçirilir. Dövlət İmtahan Mərkəzi ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə buraxılış imtahanı keçirilir.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4043 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 653 imtahan rəhbəri, 5021 nəzarətçi, 704 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 236 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 11:00-da başlanır. 

İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Mənbə: DİM

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart