Kateqoriya: Köşə Yazıları

10 Mart - Milli Teatr Günü

post-img

10 mart ölkəmizdə Milli Teatr Günü qeyd edilir. 1873-cü il martın 10-da M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərinin tamaşaya qoyulduğu gün Milli Teatrımızın yarandığı tarix hesab olunur. Xalq oyun-tamaşalarımız, müxtəlif təbiət hadisələri ilə bağlı mərasimlər, dini rituallarla bağlı şəbihlər və s.olsa da, akademik səviyyədə teatrımız məhz adıçəkilən hadisə ilə bağlı yarandı. Digər Şərq ölkələrində olduğu kimi Azərbaycanda da teatrın cəmiyyətə təqdim edilməsi, sevdirilməsi uzun və məşəqqətli bir yol keçmişdir. Mühafizəkar cəmiyyətin bunu qəbul edə bilməməsi, xüsusilə qadınların səhnədə iştirak etməsinin yolverilməz olduğu cəmiyyətdə teatrın qurulması və nüfuz qazanması ölkəmiz, xalqımız üçün böyük uğur idi. Onu da qeyd edək ki, Milli Teatrımız Milli Mətbuatımızdan 2 yaş böyükdür. İnsanlar əvvəl vizual görüntü, canlı sənətlə tanış olduqdan sonra mətbuatı izləməyə, daha da maariflənməyə can atırdılar. Çünki teatr hər kəsə xidmət etməyə yönəlmişdi. Onun hədəf kütləsi yalnız təhsilli və ya zadəgan insanlar deyildi.

M.F.Axundzadədən sonra C.Məmmədquluzadə, C.Cabbarlı kimi ədiblərimiz dram sənətinin təkmilləşməsinə səbəb oldular.

Ötən əsrdə teatrın nüfuzu daha da artaraq ictimai həyata birbaşa təsir etməyə davam etdi. Təhsil sahəsində, elm sahəsində, ailə-məişət münasibətlərində belə irəliləyişimizin səbəblərindən biri, hətta birincisi teatrımız idi.

Təəssüflər olsun ki, bir çox sahələr kimi teatrımız da I Qarabağ müharibəsindən sonra durğunluq dövrünü yaşadı. Həm tamaşaçılardan, həm də aktyorlardan bir çoxu teatrdan uzaqlaşdı. Lakin, sevindirici haldır ki bu uzunmüddətli olmadı. Bir müddət sonra teatrımız yenə də tamaşaçıları ilə görüşlərinə davam etdi, bir-birindən maraqlı tamaşalarını təqdim etməyə başladı.

Müasir dövrdə dövlət teatrları ilə yanaşı özəl teatrlar da fəaliyyət göstərərək cəmiyyətin həyatına birbaşa təsir göstərməyi bacarmaqdadırlar.

Son iki ildə teatrımız onlayn şəkildə tamaşaçıların görüşünə gəlməkdə idi. Sosial şəbəkədən istifadə edən hər bir tamaşaçı müxtəlif teatrların səhifələrinə daxil olaraq repertuarda olan tamaşaları izləyə bilirdi. Lakin, teatr binasında olmaq, oradakı auranı hiss etmək, tamaşanı canlı izləyərək aktyorlardan enerji almaq tamam ayrı bir hissdir. Amma, tamaşaların izlənilməsi, qısametrajlı filmlərin çəkilməsi pandemiyanın belə ona təsir edə bilməməsinin sübutu idi.

Milli Teatr Günü münasibətilə bütün teatrsevər insanları təbrik edirik!


Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart