Fevralın 21-də ADA Universitetində Azərbaycanın bir neçə universitetini təmsil edən bir qrup təhsil araşdırmaçısının təşəbbüsü ilə Azərbaycan Təhsil Tədqiqatları Assosiasiyasının (AzERA) yaradılması və bu qurumun Avropa Təhsil Tədqiqatları Assosiasiyasına (EERA) üzvlüyünün elan olunması ilə bağlı görüş keçirilib. Görüşdə EERA-nın prezidenti professor Marit Honerod Hoveid və vitse-prezidenti professor Lucian Ciola da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın təşkilatda təmsilçiliyi və EERA ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Tədbirdə Azərbaycan Təhsil Tədqiqatları Assosiasiyasının prezidenti Cavid Cəfərov Avropa assosiasiyası ilə gələcək əməkdaşlıq imkanları haqqında məlumat verib.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov Azərbaycanda insan kapitalının inkişafı üçün bu cür əməkdaşlığın önəmini vurğulayıb. Daha sonra ADA Universitetinin strateji inkişaf üzrə prorektoru Vəfa Kazdal Azərbaycanda təhsil araşdırmalarının önəmindən bəhs edib.
ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova bildirib ki, təhsil araşdırmaları bilavasitə cəmiyyətin inkişafına xidmət edir.
AzERA ilə əməkdaşlıqdan şad olduğunu qeyd edən EERA-nın prezidenti professor Marit Honerod Hoveid rəhbəri olduğu qurumun gördüyü işlərdən söz açıb və təhsil araşdırmalarının cəmiyyətə necə töhfə verəcəyindən bəhs edib. Daha sonra EERA-nın vitse-prezidenti professor Lucian Ciola təhsil araşdırmaçılarının beynəlxalq icmasına qoşulmaqla, Azərbaycanın əldə edə biləcəyi vacib imkanlardan danışıb.
İstinad : AZƏRTAC