Ötən gün Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş şəxslərin xarici dillər üzrə fəlsəfə doktoru imtahanı baş tutdu.
Nəticələr “Danışıq bloku” imtahanından sonra 2 həftə ərzində elan ediləcəkdir.
18 fevral tarixində keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət idi. İmtahanda iştirak etməyənlər danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Danışıq bloku üzrə imtahanın 4 mart tarixində təşkil olunacağı bildirilir. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərmiş olsalar da, şəhadətnamə almayacaqlar.
Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak edən şəxslərin hər bir test tapşırığına doğru cavabı bir balla qiymətləndirilir. Yanlış cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanda toplanıla bilən maksimal bal 50-dir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın tələbini ödəmiş hesab olunurlar.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bu gün, danışıq bloku imtahanı isə martın 4-də baş tutacaq.